21 avqust 2019-cu il tarixində M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri Universitetin kimya fakultəsinin dekan müavini Əyyub Məmmədov, professor Bogdan Lazoryak, dosent Oksana Barışnikova və dosent Deyneko Dinanın rəhbərliyi ilə AMEA Yüksək Texnologiyalar Parkına elmi-təcrübə ekskursiyası ediblər.

Universitet heyətini YT Parkın direktoru, yer elmləri üzrə fəlsəfə doktoru, dosent Samir Məmmədov qarşılayıb. Direktor ilk öncə qonaqlara rəhbərlik etdiyi müəssisə haqqında ətraflı məlumat verərək bildirib ki, innovativ və yüksək texnologiyalar əsasında elmtutumlu istehsalın inkişafı, Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlanması, eləcə də ölkə alimlərinin əldə etdiyi nəticələrin kommersiyalaşdırılması bu qurumun əsas məqsədlərindəndir.

Ziyarətçilər ilk olaraq Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü ilə qurulan, beynəlxalq standartlara cavab verən, akkreditasiyadan keçmiş AMEA Strateji Elmi Analitik Sınaq Mərkəzi (SEASM) ilə tanış olublar. Onlara laboratoriyanın imkanları, burada göstərilən xidmətlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, SEASM-in məqsədi Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisə və təşkilatlarının balansında olan, müasir tələblərə cavab verən elmi avadanlıq, cihaz və digər vasitələrdən elmi tədqiqatların aparılmasında və yeni texnologiyaların işlənməsində daha da səmərəli istifadə olunması üçün onların vahid mərkəzdə cəmləşdirilməsi, qüvvədə olan milli, dövlətlərarası və digər normativ sənədlərin tələblərinə uyğun qaz, neft və neft-kimya məhsullarının sınaqlarını yüksək səviyyədə aparmaq və sifarişçilərə həqiqi sınaq nəticələrini təqdim etməkdir.

Mərkəzdə quraşdırılmış cihazların qeyri-neft sektorunda – istehlak mallarında toksik elementlərin təyinində, dərman preparatlarının hazırlıq prosesində, kənd təsərrüfatında və tibbi-ekspertizada istifadəsi nəzərdə tutulmuşdur.

“AMEA Təcrübə-Sənaye Zavodu” MMC-nin da baş çəkən universitet heyətinə bildirilib ki, YT Parkın ilk rezidenti olan bu zavod beynəlxalq standartlara cavab verən sürtkü yağlarının istehsalı ilə məşğul olur. Zavodun fəaliyyətinin əsas istiqaməti elmlə istehsalat arasında birbaşa əlaqələrin yaradılması, təcrübə və təcrübə-sənaye miqyasında yeni texnoloji proseslərin mənimsənilməsidir. Təcrübə-Sənaye Zavodunda müasir tələblərə cavab verən sürtkü yağlarının istehsalına imkan verən istehsal qurğuları və müasir laboratoriya – pilot kompleksi yaradılıb.

Ziyarətçilər 130 illik tarixə malik “Millers Oils” şirkəti ilə AMEA-nın birgə təsis etdiyi “Millers Oils Azərbaycan” MMC-nin məhsulları və istehsal sahəsi ilə də tanış olublar. Onlara burada istehsal olunan yağlar, istehsal prosesinin mərhələləri, müasir kompüter texnikası vasitəsilə bir mərkəzdən idarə olunan sistem, malların qablaşdırılması xətti barədə məlumat verilib. Qeyd edilib ki, “Millers Oils Azərbaycan” MMC dünya standartlarına cavab verən yüksək keyfiyyətli sürtkü yağları istehsal edir.

Universitet heyəti sürtkü yağlarının istehsalı ilə məşğul olan hər iki müəssisəsin istehsal prosesində bilavasitə iştirak edib. YT Parkda həyata keçirilən layihələr, buradakı maddi-texniki baza və müasir tələblərə cavab verən iş şəraiti elmi-praktiki ekskursiya iştirakçılarının böyük marağına səbəb olub.