AMEA-nın Yüksək Texnologiyalar Parkı (YT Park) və Cənubi Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu (STEPİ) tərəfindən həyata keçirilən “Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasının təşviqi” layihəsi çərçivəsində Bakı şəhərində olan koreyalı qonaqlar AMEA YT Parkda olublar.

Qonaqları AMEA YT Parkın direktor müavinləri aqrar elmlər üzrə fəlsəfə doktoru Elxan Bayramov, hüquq üzrə fəlsəfə doktoru Məmməd Bağırzadə və Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin şöbə müdiri Bünyamin Seyidov müşayiət ediblər.

AMEA Yüksək Texnologiyalar Parkının Strateji Elmi Analitik Sınaq Mərkəzində (AMEA SEASM) qonaqlara laboratoriya avadanlıqları, Mərkəzin imkanları və göstərilən xidmətlər barədə ətraflı məlumat verilmişdir. Mərkəzdə yaradılmış maddi-texniki baza, müasir tələblərə cavab verən iş şəraiti, beynəlxalq akkreditasiyadan keçməsi böyük marağa səbəb olmuşdur. Spesifik suallar cavablandırılmış, görüş diskussiya şəraitində aparılmışdır.

AMEA Təcrübə Sənaye Zavodunun istehsal sahəsi ilə tanış olduqdan sonra hazır məhsul anbarında toplanılmış mallar barədə məlumat verilmişdir.