Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Yanacaq Xidmətinin rəisi, polkovnik-leytenant Elmar Əliyev və Satınalma və Təchizat İdarəsinin zabiti, polkovnik-leytenant Oruc Yaqubov AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) olublar. Görüşün keçirilməsində əsas məqsəd YT Parkda həyata keçirilən layihələr və istehsal olunan məhsullarla yaxından tanışlıq, eləcə də əməkdaşlıq perspektivlərinin müzakirəsi idi.

Əvvəlcə YT Parkın direktoru, i.ü.f.d. Nazim Şükürov qonaqlara rəhbərlik etdiyi müəssisənin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib.

Sonra Müdafiə Nazirliyinin əməkdaşları YT Parkın rezidenti olan Təcrübə-Sənaye Zavodunun (TSZ) fəaliyyəti ilə tanış olublar. TSZ-nin baş mühəndisi Adil Ağayev onlara Rusiya, Polşa və Azərbaycanda istehsal edilən sürtkü yağlarının müqayisəli şəkildə sınağını nümayiş etdirib. Belə ki, Rusiya və Polşa istehsalı olan məhsullar yüksək temperatur şəraitində əriyib. Ölkəmizdə istehsal olunan yağlar isə istiyə yüksək dözümlülüyü ilə fərqlənib ki, bu da Azərbaycan alimlərinin ixtirası olan məshulların keyfiyyətinin göstəricisidir.

Görüşdə, həmçinin YT Parkın rezidentlərinin istehsal etdiyi elmtutumlu, rəqabətqabiliyyətli və innovativ məhsulların­ ­– mühərrik, sənaye və sürtkü yağlarının dövlət müəssisələrində satınalınması ilə bağlı fikir mübadiləsi aparılıb, bir sıra təkliflər səsləndirilib.

Müdafiə Nazirliyinin əməkdaşları YT Parkda həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər, iki qurum arasında müvafiq sahədə əməkdaşlığın təşkilində maraqlı olduqlarını qeyd ediblər.