Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Nəqliyyat İdarəsinin rəis müavinləri Əsədulla Səvzixanov və Mehman İbrahimov AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) fəaliyyəti, burada istehsal olunan məhsullar və iş prosesi ilə tanışlıq məqsədilə bu quruma səfər ediblər.

Ekspertlər YT Parkın rezidentlərinin istehsal etdiyi elmtutumlu, rəqabətqabiliyyətli və innovativ məhsullar, həmçinin “AMEA Təcrübə-Sənaye Zavodu” MMC, “Elm və Texnologiya Parkı” MMC və “Millers oils” Azərbaycan şirkətinin istehsal sahələri ilə tanış olublar. Onlara “izoplast-200” maddəsi barədə məlumat verilərək bildirilib ki, bu maddə bituma əlavə olunaraq asfalt salınmasında sınmanın və əlavə çatların əmələ gəlməsinin qarşısını alır, elastikliyi, asfaltın dözümlülüyünü artırır və suyu özündən uzaqlaşdırır.

Avtomobil Yolları Dövlət Agentliyinin Nəqliyyat İdarəsinin əməkdaşları təmsil etdikləri qurumun bu məhsullara ehtiyacı olduğunu bildiriblər.

Məhsullarla tanışlıq zamanı nəzərə çatdırılıb ki, hazırda Təcrübə-Sənaye Zavodunun anbarında bu məhsuldan tonlarla vardır.

Görüş çərçivəsində, həmçinin YT Parkın mütəxəssisləri tərəfindən çoxsaylı suallar cavablandırılıb. İki qurum arasında ortaq istiqamətlərdə əməkdaşlığın təşkilinə və birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb, müvafiq qərarlar qəbul edilib.