Elm və Təhsil Nazirliyi Yüksək Texnologiyalar Parkında (YTP) Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YTP-nin baş direktoru, 1-ci Qarabağ müharibəsi iştirakçısı Vasif Abbasov qan yaddaşımıza əbədi həkk olunmuş faciənin tarixi barədə məlumat verib. O, yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdışından sonra bu qanlı qırğına düzgün siyasi qiymət verildiyini vurğulayıb.

V.Abbasov bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni mərhələyə qədəm qoyduğunu deyib. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin gərgin əməyi nəticəsində hazırda Xocalı faciəsinin dünyanın bir çox ölkələrində soyqırımı kimi tanındığını diqqətə çatdıran baş direktor bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın həyata keçirdiyi “Xocalıya ədalət” kampaniyasının əvəzsiz xidmətlərini də qeyd edib.

Baş direktorun sözlərinə görə, Azərbaycanda torpaqlarımızın müdafiəsi uğrunda hər an şəhid olmağa hazır olan vətənpərvər nəsil yetişdi və 30 illik işğala qəhrəmanlıqla son qoydu. Ali Baş Komandan İlham Əliyevin çağırışı ilə ayağa qalxan igid oğullarımız bədnam düşmənin işğalçılıq siyasətinə, gündən-günə daha da böyüyən iddialarına, yeni işğalçılıq planlarına birdəfəlik son qoydular və xalqımızın tarixinə parlaq Qələbə yazdılar. Haqq-ədalət bərpa olundu.

Bu gün xalqımız XX əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi ziyarət edir. Düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Tədbirdə digər çıxış edənlər dünya ölkələrinin millətimizə qarşı törədilmiş soyqırımı ilə bağlı daim məlumatlandırılmasının zəruriliyindən danışıblar. Bildirilib ki, dövlət müstəqilliyimizin və ərazi bütövlüyümüzün qurbanları olan Xocalı şəhidləri daim qəlblərdə yaşacaq və xatirələri əziz tutulacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.edu.gov.az saytına istinad zəruridir.