Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 20 il ötür.

ETN Yüksək Texnologiyalar Parkında Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Yüksək Texnologiyalar Parkının direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov çıxış edərək Ulu Öndər Heydər Əliyevin böyük xilaskarlıq rolundan, müstəsna tarixi xidmətlərindən, zəngin siyasi irsinin əhəmiyyətindən danışıb. Vurğulayıb ki, başa çatmaqda olan 2023-cü ilin ən mühüm hadisələrindən biri Ümummilli Lider Heydər Əliyevin 100 illiyinin qeyd edilməsi olub. İl ərzində ölkəmizin hər yerində əlamətdar yubileyə həsr olunmuş müxtəlif tədbirlər – konfranslar, dəyirmi masalar, seminarlar, sərgilər keçirilib, əbədiyaşar liderin xatirəsi ehtiramla anılıb.

Vasif Abbasov bildirib ki, Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlər möhtəşəm quruculuq, tərəqqi və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin qızıl səhifələridir. Xalqımızın və dövlətimizin əldə etdiyi bütün uğurların təməlində Heydər Əliyev siyasəti və işıqlı əməlləri dayanır.

O, bu gün Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini söyləyib. Qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etməklə tarixinin ən şərəfli səhifəsini yazdı. Həmçinin cari ilin sentyabr ayında keçirilən antiterror tədbirləri ilə Qarabağda Azərbaycan Respublikasının Konstitusiya quruluşu bərpa olundu, Prezident İlham Əliyev Azərbaycanın Dövlət Bayrağını Xankəndi şəhərində ucaltdı.

“Dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaratmışdır”, – deyə bildirən Vasif Abbasov 2024-cü il fevralın 7-də təşkil ediləcək növbədənkənar prezident seçkilərinin bu reallıqların təsbiti olduğunu və müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilərin ölkəmizin bütün ərazisində keçiriləcəyini diqqətə çatdırıb. Bildirib ki, fevralın 7-də şəffaf şəraitdə keçiriləcək Prezident seçkiləri ölkəmizdə demokratiyanın təntənəsinə

çevriləcək, Azərbaycan xalqı indiyə qədər olduğu kimi, bu seçkilərdə də öz müdrik qərarını verəcəkdir.

Tədbirdə digər çıxış edənlər Ümummilli Lider Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən, Azərbaycanın inkişafı üçün həyata keçirdiyi islahatların əhəmiyyətindən, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində görkəmli şəxsiyyətin misilsiz xidmətlərindən bəhs ediblər.