Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında (YTP) Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə anım tədbiri keçirilib.

Tədbirdə YTP və onun rezidentlərinin əməkdaşları ilə yanaşı, Azərbaycanda səfərdə olan “Moscow Creative İndustries Agency”-nin (Moskva Yaradıcı Sənayelər Agentliyi) baş direktoru Gülnarə Aqamova, baş direktorun birinci müavini Anastasiya Orlova, biznes missiyasının operatorları – Mixail Kim, Antonina Yevdokimova və Nadejda Linnas da iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin YTP-dakı büstü ziyarət olunub, büstü önünə gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə YTP-nin baş direktoru Vasif Abbasov açaraq görkəmli dövlət xadimi Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət olduğunu bildirib. O, Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərmiş Ulu Öndər Heydər Əliyevin ölkə iqtisadiyyatı və sənayesinin dirçəlməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətdən bəhs edib.

V.Abbasovun sözlərinə görə, dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada dayanan Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır: “Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ümummilli Liderin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir”.

Baş direktor Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılmış YTP-nin də ölkəmizin iqtisadi inkişafına mühüm töhfələr verməkdə olduğunu vurğulayıb. Əlavə edib ki, texnopark rəqəmsal texnologiyalara əsaslanan biznesin inkişafına, həmçinin ölkədə sahibkarlıq fəaliyyətinin artırılmasına böyük dəstək göstərir.

Sonra çıxış edən YTP-nin icraçı direktoru Zaur Nehmətov dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyevin bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edildiyini vurğulayıb. Bildirib ki, xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, Ulu Öndərin yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.

Z.Nəhmətov qeyd edib ki, müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir: “Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir”.

Tədbirdə çıxış edənlər dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizin inkişafı naminə göstərdiyi əvəzsiz xidmətlərdən bəhs ediblər. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin yaranmış müxtəlif tarixi məqamlarda siyasi uzaqgörənlik nümayiş etdirərək hadisələrə vaxtında verdiyi reaksiya, xalq və dövlət naminə qəbul etdiyi düzgün qərarlar Azərbaycan dövlətinin siyasi, iqtisadi, hərbi və ideya baxımından güclənməsində aparıcı rol oynayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.