Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti olan Təcrübə-Sənaye Zavodunun əməkdaşı, Vətən müharibəsi şəhidi Rafiq Heydərovun şəhadətə yüksəlməsinin üçüncü ili tamam olur. Şəhidin ildönümü ilə əlaqədar Rafiq Heydərovun ailə üzvləri və yaxınları, orta təhsil aldığı məktəbin müəllimləri və şagirdləri, eləcə də YT Parkın kollektivi oktyabrın 14-də II Fəxri Xiyabanda onun məzarını ziyarət ediblər.

Mərasim iştirakçıları Rafiq Heydərovun unudulmaz xatirəsinə bəslədikləri hörmət və ehtiramın ifadəsi olaraq onun məzarı üzərinə əklil və gül dəstələri qoyub, ruhuna dualar oxuyublar. Anım mərasimində Yüksək Texnologiyalar Parkının baş direktoru Vasif Abbasov,  Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının sədri Vüsar İsmayılov və başqaları çıxış edərək qəhrəman şəhid Rafiq Heydərovun qısa və şərəfli ömür yolundan danışıb, şəhidlərimizin qanının yerdə qalmadığını bildiriblər.

Çıxışlarda 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində, eləcə də Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Qarabağ iqtisadi rayonunda törətdikləri genişmiqyaslı təxribatların qarşısının alınması məqsədilə bu il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən, Zəfərlə başa çatan döyüşlərdə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan bəhs edilib. Vurğulanıb ki, torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban verən Vətən övladlarının əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur, ehtiramla anılır.

Daha sonra şəhid R.Heydərovun atası Rahim Heydərov çıxış edərək övladı ilə fəxr etdiyini söyləyib, oğlunun xatirəsinə göstərilən hörmət və ehtirama görə hər kəsə təşəkkürünü bildirib. Qeyd edək ki, Rafiq Hüseynov 1995-ci il iyulun 1-də Bakı şəhərində anadan olub. O, 2020-ci il oktyabrın 14-də Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.