Xocalı soyqırımı Azərbaycanın ən dəhşətli və faciəli səhifəsi kimi insanlıq tarixinə düşmüş qanlı hadisədir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə insanlığa sığmayan cinayət – Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirib. Nəticədə 63-ü körpə, 70-i ahıl, 106-sı qadın olmaqla 613 nəfərin qətlə yetirilib, 8 ailə məhv edilib, 1275 sakin əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Bundan əlavə, şəhərdəki tarixi abidələr məhv edilib.
Son illərdə soyqırım barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bir sıra mühüm tədbirlər həyata keçirilir. Diplomatik fəaliyyət nəticəsində 2 ölkə Xocalıda baş verənləri soyqırım, 11 ölkə, o cümlədən ABŞ-ın 22 ştatı isə qətliam kimi tanıyıb.