15 oktyabr 2023-cü il tarixində Prezident İlham Əliyevin dövlətimizin başçısı seçilməsinin 20 ili tamam oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə 20 il öncə həyata keçirilməyə başlanan uzaqgörən daxili və xarici siyasət Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarmışdır.

Dövlətimizin başçısı Azərbaycanın iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyətlə çalışmış, əməliyyatlara şəxsən nəzarət edərək döyüşən orduya tapşırıqlarını birbaşa özü vermişdir. Müzəffər Ali Baş Komandanımız üçrəngli bayrağımızın 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasına nail olmuşdur. Bu Qələbə regionda yeni reallıqların yaranmasına səbəb olmuşdur.

Qələbəni şərtləndirən mühüm amillərdən biri də Azərbaycan Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti olmuşdur. Xalqımıza böyük qürur bəxş edən son hadisələr Vətən savaşında əldə olunan Zəfərdən sonra aparılan hərbi-siyasi proseslər məhz möhtərəm Prezidentimizin “Dəmir yumruğ”unun qəti qələbəsidir. Cəmi 24 saat ərzində həyata keçirilən lokal miqyaslı antiterror tədbirləri nəticəsində qazanılan nailiyyət tarixi Zəfərin ildönümü ərəfəsində xüsusi əhəmiyyət kəsb edir.

Yüksək idarəçilik məharəti ilə fərqlənən Azərbaycan Prezidentinin müasir siyasət strategiyası nəticəsində ölkəmiz modernləşərək öz inkişafının yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur. Hazırda ölkəmizdə bütün sahələrdə yenilənmə müşahidə olunmaqdadır. Müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyev apardığı məqsədyönlü siyasət ilə ölkə iqtisadiyyatında sürətli və davamlı inkişafa nail olmuşdur. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəhəng transmilli layihələr qlobal iqtisadiyyatda mühüm rol oynamaqdadır. Energetika sektorunda əldə edilən nailiyyətlər nəinki ölkəmizin enerji müstəqilliyini təmin etmiş, həm də Avrasiyanın energetika xəritəsini dəyişdirmişdir.

Ölkəmizin kosmik strategiyası uzunmüddətli perspektivə yönəlmişdir və dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. 2013-cü ildə ilk peykinin buraxılmasından sonra Azərbaycan kosmik klubun üzvü olmuşdur və bu gün kosmik fəzanın istifadəsi sahəsində fəaliyyətini 3 peyklə davam etdirir.

Son iyirmi ildə bütövlükdə Avrasiya məkanında, qlobal platformada öz qətiyyətli və prinsipial mövqeyi ilə böyük nüfuz qazanmış Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bir çox sahələrdə olduğu kimi, elm sahəsində də yüksək uğurlara imza atılmışdır. Ölkəmizdə elm, istehsal və sahibkarlığın birgə inkişafına dəstək verilir, Azərbaycanın yüksək texnologiyalar sahəsində inkişafı və beynəlxalq aləmə inteqrasiyasının sürətləndirilməsi, eləcə də qeyri-neft sektorları üzrə ideya və biliklərin dəstəklənməsi məqsədilə əhəmiyyətli layihələr həyata keçirilir, müxtəlif dövlət əhəmiyyətli sənədlər qəbul olunur.

Bu layihələrdən biri kimi 2016-cı il noyabrın 8-də Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış AMEA-nın Yüksək Texnologiyalar Parkı (YTP) (indiki Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı) elmi, innovativ layihələrin dəstəklənməsini, elmin kommersiyalaşdırılması işlərini uğurla həyata keçirir. Dövlət başçısının “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il Fərmanına əsasən, AMEA-nın bir sıra elmi müəssisələri ilə bərabər, Yüksək Texnologiyalar Parkı da hazırda fəaliyyətini Elm və Təhsil Nazirliyinin tabeliyində davam etdirir.

YTP fəaliyyətə başladığı ilk gündən etibarən elmtutumlu, rəqabətqabiliyyətli və innovativ məhsulların istehsalını həyata keçirməyi, elmi nəticələri kommersiyalaşdırmağı, intellektual biznesin formalaşdırılması istiqamətində özəl sektor və akademik qurumlarla əməkdaşlıq etməyi qarşısına məqsəd qoymuşdur.

Müəssisə müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya yönümlü yeni texnologiyaların hazırlanması və təkmilləşdirilməsi istiqamətində fəaliyyətini müvəffəqiyyətlə davam etdirir. Burada istehsal olunan məhsullar beynəlxalq standartlara cavab verir. Park yenilikçi bizneslərin yaradılması istiqamətində özəl sektor, biznes şəbəkələri ilə əlaqələr yaradaraq, innovativ ideyası olan gənc startapçılar və ali məktəblərlə birgə müxtəlif layihələr həyata keçirib, bu istiqamətdə işləri indi də intensiv şəkildə davam etdirməkdədir.

Yüksək Texnologiyalar Parkı olaraq dövlət başçısına bundan sonrakı fəaliyyətində yeni uğurlar arzulayırıq! Əminliklə deyə bilərik ki, Prezidentimizin uzaqgörən daxili və xarici siyasətini həmişə olduğu kimi, fəal surətdə dəstəkləyəcək, bundan sonra da dövlət siyasətinə daim dəstək verəcək, bu amal uğrunda səylərimizi daha da gücləndirəcəyik.

 

AR Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının baş direktoru,

Əməkdar mühəndis, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov