Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyi ilə əvvəlcədən razılaşdırılmış qarşılıqlı təşəbbüsə əsasən bu şirkətlərin marketinq və texniki şöbələrinin aparıcı mütəxəssisləri geniş heyətlə istehsal prosesləri ilə yaxından tanış olmaq üçün 2 noyabr 2016-cı il tarixində Təcrübə-Sənaye zavoduna gəlmişdir. Məqsəd Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin yerli istehsalı gücləndirmək istiqamətində verdiyi tövsiyyələrin yerinə yetirilməsi istiqamətində zavodun qısa müddət ərzində həyata keçirdiyi istehsal prosesləri, tədqiqat işləri, istehsal edilən məhsulları, xüsusi ilə sürtkü materiallarının assortimenti və keyfiyyəti haqqında ətraflı məlumat almaq olmuşdur.
Zavodun istehsal sexləri və elmi tədqiqat mərkəzi ilə ümumi tanışlıqdan sonra iclas zalında SOCAR və Təcrübə Sənaye zavodunun mütəxəssislərinin iştirakı ilə konfrans keçirilmiş, burada zavodun fəaliyyəti, istehsal etdiyi məhsullar və istehsal perspektivləri haqqında qarşılıqlı müzakirələr aparılmışdır.Sonda SOCAR nümayəndələri qısa müddət ərzində zavodda həyata keçirilmiş işlərdən məmnun olduqlarını və istehsal edilən bir sıra yeni sürtkü materiallarının alınması sahəsində zavodla müqavilə bağlamağa hazır olduqlarını bildirmişlər.