Elm və Təhsil Nazirliyi Yüksək Texnologiyalar Parkının Azad Həmkarlar İttifaqı (AHİ) Məclisinin növbəti iclası keçirilib.

İclası ETN YTP-nin baş direktoru Vasif Abbasov açıb. Baş direktor AHİ-nin fəaliyyətindən, Vətən müharibəsi dövründə göstərdiyi dəstəkdən danışıb. Eyni zamanda, baş direktor bu illər ərzində AHİK tərəfindən YTP və Təcrübə-Sənaye Zavodunun (TSZ) əməkdaşları üçün göstərilən diqqət və qayğıya görə təşəkkürünü ifadə edib.

Elm və Təhsil Nazirliyinin Elmi təşkilatların Birləşmiş Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru Habil Qurbanov çıxışında ötən dövr ərzində əməkdaşların teatrlara, istirahət düşərgələrinə, asudə vaxtın səmərəli təşkili üçün bir sıra yarışlara cəlb olunmasından bəhs edib. Bundan əlavə,o, 20 Yanvar faciəsi və Xocalı soyqırımına həsr olunan silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

Daha sonra YTP və Təcrübə-Sənaye Zavodunun Həmkarlar Təşkilatının hesabatları dinlənilib. Hesabatlar qənaətbəxş hesab edilib.

İclasda,həmçinin, ETN YTP və ETN TSZ-nin Həmkarlar İttifaqı Komissiya sədri vəzifəsi üçün Vüsalə Ədilova və komissiyanın yeni üzvləri yekdil qərara əsasən təsdiqlənib.