12 dekabr 2019-ci il tarixində AMEA Yüksək Texnologiyalar Parkında ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.

Heydər Əliyevin Yüksək Texnologiyalar Parkındakı büstü önünə gül dəstələri qoyulmuş və ulu öndərin əziz xatirəsi AMEA Yüksək Texnologiyalar Parkının kollektivi tərəfindən ehtiramla yad edilmişdir.
AMEA Yüksək Texnologiyalar Parkının direktoru texnika elmləri doktoru, professor Elton Məmmədov çıxış edərək bildirib ki, müasir Azərbaycan dövlətçiliyinin memarı olan ümummilli lider Heydər Əliyevin xatirəsi bütün dünya azərbaycanlıları tərəfindən böyük qürur və iftixar hissi ilə anılır. Vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, keçmişinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə böyük sevgi və sayğı nümunəsi olan böyük azərbaycanlı – ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin elə bir zirvəsidir ki, bu zirvə xalqımızın inkişaf və tərəqqiyə gedən yolunu daim nurlandırır, dövlətimizin gələcəyinə işıq saçır.

Şübhəsiz ki, Heydər Əliyev dühasını, onun xalqımız qarşısında xidmətlərini sonadək öyrənmək qeyri-mümkündür. Ümummilli lider Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.

Zaman keçdikcə ulu öndər Heydər Əliyevin gördüyü işlərin möhtəşəmliyi, xalqımızın qarşılaşdığı böyük təhlükələri aradan qaldırmaq üçün həyata keçirdiyi qətiyyətli siyasi tədbirlərin əhəmiyyəti daha aydın görünür. Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi xəttin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizin tərəqqisinə və xalqımızın rifahına hesablanmış genişmiqyaslı və ardıcıl islahatlar bu gün öz real bəhrəsini verir.

Allah rəhmət eləsin!