İyunun 27-də AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə iştirakçıları gündəliklə tanış edib. Bildirib ki, iclasda “Azərbaycanda arxeoloji tədqiqatlar: nailiyyətlər və perspektivlər” mövzusunda elmi məruzə dinləniləcək, AMEA-nın 75 illik yubileyi, AMEA-nın Ümumi yığıncağının 1 may 2019-cu il tarixli qərarının yerinə yetirilməsi ilə bağlı tədbirlər planı, görkəmli şəxslərin adlarını daşıyan xatirə nişanlarının əsasnamələri və digər məsələlərə dair müzakirələr aparılacaq.

Daha sonra elmi-təşkilati məsələlərə baxılıb. İlk olaraq AMEA-nın 75 illik yubileyi haqqında məsələ müzakirə edilib. Bununla bağlı çıxış edən akademik Akif Əlizadə 2020-ci ilin mart ayında AMEA-nın yaradılmasının 75 ilinin tamam olacağını bildirib. Alim AMEA-nın təsis edilməsinin Azərbaycan xalqının elmi və ictimai fikir tarixində mühüm hadisə olduğunu, ölkəmizin sosial-iqtisadi və mədəni-mənəvi inkişafında böyük əhəmiyyət kəsb etdiyini deyib. Vurğulayıb ki, AMEA bu illər ərzində xalqımızın intellektual potensialının formalaşdırılmasında, elmin müasir zamanın tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsində, fundamental və tətbiqi elm sahələrinin inkişafında, respublikada peşəkar elmi kadrlar nəslinin yetişdirilməsində müstəsna rol oynayıb.

XX əsrin ikinci yarısında, xüsusilə ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə akademiyada xeyli nailiyyətlər əldə edildiyini deyən akademik Akif Əlizadə ulu öndərin hakimiyyətə qayıdışı nəticəsində AMEA-nın tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin elmə göstərdiyi diqqət və qayğının nəticəsində AMEA-nın fəaliyyət dairəsi xeyli genişləndirilib, səlahiyyətləri artırılıb, ölkəmizdə elmi-texniki potensialı qorumaq və inkişaf etdirmək, iqtisadiyyatı gücləndirmək, mədəniyyəti zənginləşdirmək, xalqın milli mənafeyini qorumaq baxımından akademiyanın qarşısına mühüm vəzifələr qoyulub. Akif Əlizadə akademiyanın 2015-ci ildə təntənəli şəkildə qeyd olunan 70 illik yubileyində iştirak edən dövlətimizin başçısının dərin məzmunlu nitqi ilə Azərbaycan elminin respublikanın inkişafı ilə şərtlənən prioritet fəaliyyət istiqamətlərini müəyyənləşdirdiyini xatırladıb. Bu prioritet istiqamətlər üzrə AMEA-da kompleks tədbirlər həyata keçirildiyini, intellektual inkişaf modelinə əsaslanan biliklər cəmiyyətinin qurulmasından irəli gələrək akademiyanın ölkənin inkişafında mühüm rol oynadığını nəzərə çatdırıb.

İclasda AMEA-nın 75 illik yubileyi ilə bağlı təkliflərin və tədbirlər planının hazırlanması qərara alınıb.

Gündəlikdə yer alan növbəti məsələ “AMEA-nın Ümumi yığıncağının 1 may 2019-cu il tarixli qərarının yerinə yetirilməsi ilə bağlı Tədbirlər planı” haqqında olub. Akademik Akif Əlizadə bildirib ki, ötən il AMEA tərəfindən prioritet elmi istiqamətlər üzrə mühüm nailiyyətlər əldə edilib, elmi-texniki potensialın inkişafı, innovativ fəaliyyətin gücləndirilməsi, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, elm, təhsil və iqtisadiyyat arasında əlaqələrin möhkəmləndirilməsi, kadr hazırlığı sisteminin müasir standartlara uyğun təkmilləşdirilməsi və digər istiqamətlərdə mühüm tədbirlər həyata keçirilib. AMEA rəhbəri akademiyanın elmi müəssisələrinin 2018-ci ildə çoxsaylı dövlət proqramlarının və digər dövlət əhəmiyyətli tapşırıqların icrasında yaxından iştirak etdiklərini nəzərə çatdırıb.

Natiq vurğulayıb ki, bu işlərin davamı olaraq qarşıda duran vəzifələrin kompleks icrasını təmin etmək məqsədilə AMEA-nın Ümumi yığıncağında Rəyasət Heyətinə 2019-cu ildə akademiyada icrası zəruri olan bir sıra tapşırıqlar verilib. Akademik həmin tapşırıqların həyata keçirilməsi üçün müvafiq təkliflər və Tədbirlər planı hazırlanaraq AMEA Rəyasət Heyətinə təqdim olunduğunu bildirib. İclasda Rəyasət Heyəti Tədbirlər planını təsdiq edib və bu istiqamətdə müvafiq tapşırıqlar verib.

Növbəti qərarla geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Samir Məmmədov “AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin infrastruktur üzrə direktor müavini vəzifəsinə təsdiq edilib.

 

  

 

 

mənbə: science.az