AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) Azərbaycan xalqının əzm və iradəsinin rəmzi olan 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr edilən anım tədbiri keçirilib.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə YT Parkın baş direktoru Vasif Abbasov açaraq 20 Yanvarın təkcə faciə deyil, həm də Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu deyib. V.Abbasov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin Azərbaycanda getdikcə güclənən milli azadlıq hərəkatını dayandırmaq, xalqımızın müstəqillik əzmini sındırmaq üçün dinc əhaliyə qarşı həyata keçirdiyi dəhşətli qətliamdan bəhs edib. O, 31 il əvvəl baş vermiş siyasi proseslərdən danışaraq faciənin əsas səbəblərinə diqqət çəkib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin bütün çətinliklərə baxmayaraq, 1990-cı il yanvarın 21-də Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək, törədilən bu cinayəti qətiyyətlə pisləməsi və bəyanatla çıxış etməsi böyük cəsarət hissinin, eyni zamanda öz xalqına sonsuz bağlılığın və dərin sədaqətin tarixi nümunəsidir.

Heydər Əliyevin öz quruculuq siyasəti ilə şəhidlərimizin canları uğrunda fəda etdikləri azadlıq və müstəqillik ideyalarını reallığa çevirdiyini vurğulayan direktor bu siyasətin ulu öndərin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyini, Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsindən sonra ərazi bütövlüyünün təmin olunduğunu vurğulayıb. Əlavə edib ki, bu şanlı zəfər ilə həm 20 Yanvar, həm Qarabağ müharibəsi şəhidlərinin qisası alındı. Ərazi bütövlüyümüzün təmin olunması şəhidlərimizin qanının hədər getmədiyini sübut etdi.

Baş direktor davamında qanlı Yanvar faciəsi qurbanlarına və şəhid ailələrinə Azərbaycan rəhbərliyi tərəfindən hər zaman qayğı ilə yanaşıldığını, onların problemlərinin həlli istiqamətində davamlı tədbirlərin həyata keçirildiyini bildirib. O, ölkəmizdə aparılan uğurlu siyasət sayəsində bu gün Azərbaycanın dünyada stabil inkişaf edən, öz mövqeyini ortaya qoyan, nüfuz sahibi olan bir dövlət kimi tanındığını qeyd edib. Bildirib ki, bu inkişaf, dayanıqlılıq və davamlılığın təmin olunması məsələləri Yüksək Texnologiyalar Parkının qarşısına da müəyyən vəzifələr qoyur.

20 Yanvar hadisələrinin Azərbaycan xalqının azadlıq mübarizəsi tarixində, milli təfəkkürün inkişafında oynadığı roldan, bu faciə Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub, xalqımızın müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilməsindan danışılıb. Xalqımızın qan yaddaşına yazılan 20 Yanvar faciəsinin heç zaman unudulmayacağını diqqətə çatdırıb.