AMEA Aşqarlar Kimyası İnstututu və “AMEA Təcrübə-Sənaye Zavodu” MMC-nin rəhbər heyəti və aparıcı mütəxəssisləri arasında 2018-ci ilin 23 noyabr tarixində AMEA TSZ-də işgüzar görüş keçirilib. İlk öncə “AMEA TSZ” MMC-nin direktoru Vasif Abbasov zavodun yeni brendi olan “Shieldex” barəsində, zavodun son nailiyyətləri, uğurları barədə AMEA Aşqarlar Kimyası İnstitutunun direktoru akademik Vaqif Fərzəliyevə ətraflı məlumat vermişdir.

Sonra görüşün iştirakçıları zavodun iclas zalına toplaşaraq gündəmdə olan bir neçə məsələni müzakirə ediblər.

İclasa rəhbərlik edən akademik Vaqif Fərzəliyev ilk olaraq “Azerenerji” ASC-də 2011 – ci ildən bəri qurulan modul elektrik stansiyalarında istifadə olunan “Musella-40” mühərrik yağının regenerasiyası və təkrar istifadəsi sahəsində olan məlumatları görüş iştirakçılarının nəzərinə çatdıraraq, bildirdi ki, 2013 – ci ildən başlayaraq bu sahə üzrə müvafiq tədqiqat işləri aparılır. Belə ki, Aşqarlar Kimyası İnstitutunda quraşdırılan Pilot qurğusunda işlənmiş “Musella-40” mühərrik yağının regenerasiya prosesi aparılmış və yüksək nəticələr əldə edilmişdir. Lakin sonradan bəzi subyektiv səbəblərdən işlənmiş yağın AMEA-ya verilməməsi təcrübi-sınaq işlərinin dayandırılmasına gətirib çıxarmışdır.

Nəhayət, Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti  akademik Akif Əlizadənin rəsmi müraciətinə cavab olaraq 13.11.2018- ci ildə “Azerenerji” ASC rəhbərliyi tərəfindən müsbət cavab alınmış, “Musella-40” mühərrik yağının AMEA Yüksək Texnologiya Parkına təqdim olunmasına razılıq verilmişdir. Məhz bu addım “Musella-40” mühərrik yağının regenerasiyası prosesi və təkrar istifadəsi üzrə aparılan elmi tədqiqat və sınaq işlərinin daha geniş formatda bərpa edilməsi zərurəti yaratmışdır. Bu gün keçirilən görüşün əsas məqsədi bu mühüm işlərin həyata keçirilməsi perspektivlərini müzakirə etmək və müvafiq tədbirlər planı hazırlamaqdır. Nəzərdə tutulan məsələnin icrasına başlanılması üçün görüş iştirakçıları tərəfindən ilkin olaraq aşağıda göstərilən hazırlıq işlərinin və təşkilati tədbirlərin yerinə yetirilməsi vacib hesab edildi:

  1. “Azerenerji” ASC-dən işlənmiş “Musella-40” mühərrik yağının nümünəsinin gətirilməsi.
  2. Aşqarlar Kimyası İnstitutuna məxsus pilot regenerasiya qurğusunda sınaqların aparılması, prosesin texnoloji parametrlərin öyrənilməsi, texnoloji reqlamentin hazırlanması.
  3. “Musella-40” mühərrik yağının regenerasiyası üçün lazım olan reagentlərin İrandan alınması üçün iş adamı A.Sadıxova vasitəçilik etmək həvalə olunsun.
  4. Təmizlənmə prosesindən sonra qalan tullantıların utilizasiyası, sorbentlərin regenerasiyası məsələsi, bu işlərə aid xərclərin hesablanması.
  5. İnstitut və zavod mütəxəssislərinin birgə iştirakı ilə zavod ərazisində işlənmiş yağların təmizlənmə pilot qurğusunun yaradılması məqsədi ilə lazımi hazırlıq işlərinin aparılması.

 

Daha sonra “AMEA TSZ” MMC-də istehsal olunan “Ağ Naftalan Yağı”nın alınma prosesi müzakirə  olundu. İnstitutun əməkdaşları ilə birgə qurğuya baxış keçirilməsi və nəzərə çarpan nasazlıqların birgə həlli yollarının tapılması qərara alındı.

Sonda akademik Vaqif Fərzəliyev zavodun tarixindən söz açaraq, onun son illərdəki fəaliyyəti, uğurları, nailiyyətləti barədə danışdı. Gələcəkdə zavod ərazisində quraşdırıla biləcək aşqar istehsal edən pilot qurğularının texnoloji reqlamentini iclas iştirakçılarına təqdim edərək, bu qurğuların perspektivləri barədə geniş məlumat verdi.