Səttar Əkbər oğlu Hüseynov 1 May 1954 – cü ildə Gorus şəhərində anadan olmuşdur. Orta məktəbi Qubadlı rayonunda bitirmişdir. 1972-ci ildə Bakı Dövlət Universitetinin “Kimya” fakültəsinin əyani şöbəsinə daxil olmuş və 1977 – ci ildə universiteti fərqlənmə diplomu ilə başa vurmuşdur. Elə həmin ildə təyinatla Bakı şəhərində “Əlvan-Metallurgiya” Birliyində mühəndis, baş mühəndis təyin edilmiş, daha sonra isə Azərbaycan Milli Elmlər Akademiyasında çalışmışdır. Eyni zamanda Azərbaycan SSR Yerli Sənaye Nazirliyində də uzun müddət fəaliyyət göstərmişdir. 1979 – cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının Kimya İnstitutunun aspiranturasına qəbul olmuş və təhsilini Moskvada davam etdirmişdir. 1982 – ci ildə aspiranturanı müvəffəqiyyətlə bitirib Kimya Elmlər Namizədi adını qazanmışdır. 3 ixtiranın və xaricdə çap olunmuş 50 – dən çox elmi əsərin müəllifidir.
Hal – hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Təcrübə – Sənaye Zavodunun nəzdində fəaliyyət göstərən “TSZ – PAV” MMC – in elmi işlər üzrə direktor müavinidir. Şəxsi ixtirası hesabına AMEA Təcrübə – Sənaye Zavodunun nəzdində “MEH” yuyucu vasitələri məhz Səttar Hüseynovun rəhbərliyi və iştirakı ilə istehsal olunur. “MEH” yuyucu vasitələrinin patent və gigiyenik sertifikatları, eləcə də məhsulun texniki şərtləri k.e.n. Səttar Hüseynovundur.
Ailəlidir, 3 övladı və 1 nəvəsi var.