Təcrübə-Sənaye Zavodunun Elmi-Tədqiqat Sınaq Laboratoriyası 2014-cü ildə əsas təmir ediləndən sonra bir çox müasir avadanlıqlarla təchiz edilmişdir. Həmin avadanlıqlar vasitəsi ilə zavodda istehsal olunan məhsulun keyfiyyətinə nəzarət, istehsal olunan məhsula vaxtında texniki sənədlərə müvafiq olan pasportların verilməsi, DÜST, ASTM, və s. texniki sənədlərə uyğun olaraq xammalların və yarımfabrikatların keyfiyyətinə analiz və nəzarəti həyata keçirir. Bununla yanaşı laboratoriyada elmi-tədqiqat işləri də aparılır. Belə ki, yeni məhsulların istehsalına başlamamışdan qabaq sənaye-sınaq partiyalarının alınması üçün laboratoriya pilot qurğusunda nümunələr alınır, ressept dəqiqləşdirilir və texnoloji reqlament tərtib olunur. Daha sonra məhsulun istehsalına başlanılır.

Ötən ilin sonlarından zavodun elmi-tədqiqat sınaq laboratoriyası üçün daha müasir və sınaq işlərinin dəfələrlər sürətlənməsinə səbəb olacaq 10-a yaxın yeni avadanlığın alınması ilə bağlı işlərə başlanıldı. Cari ilin əvvəlindən etibarən bu avadanlıqların bir qismi zavoda gətirilərək laboratoriyaya təhvil verilmişdir.

İstifadəyə verilməsi ilə yanaşı avadanlıqlar haqqında ictimaiyyətə ətraflı məlumat çatdırılacaqdır.