Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin yerli  istehsalın gücləndirilməsi barədə tövsiyə və göstəricilərinin yerinə yetirilməsi, sənayedə elmin rolunun artırılması və elmi-texnoloji yeniliklərin tətbiqinin təmin edilməsi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi xaricdən gətirilən bir sıra strateji əhəmiyyətli məhsulların istehsalını AMEA-nın əsas elmi-təcrübə bazası olan Təcrübə-Sənaye Zavodunda təşkil etmək vəzifəsini öz öhdəsinə götürmüşdür.

Sürtkü yağları istehsalı neft emalı sənayesində ən vacib sahələrdən biri sayılsa da,  bu sahəyə daha az diqqət ayrılmış, nəticədə hal-hazırda Respublikanın sürtkü yağlarına olan tələbatının ümumilikdə 70-80%-i xarici ölkələrdən idxal olunan məhsulların hesabına ödənilir.

Təcrübə-Sənaye Zavodunun perspektiv fəaliyyət proqramında qarşıya qoyulmuş əsas məqsəd yaxın gələcəkdə sürtkü yağlarına və digər neft-kimya məhsullarına olan tələbatın idxaldan asılılığını minimum həddə çatdırmaq və Respublikada fəaliyyət göstərən müxtəlif sənaye və kənd təsərrüfatı müəssisələrini yüksək keyfiyyətli rəqabətə davamlı məhsullarla təmin etməkdən ibarətdir.

AMEA-nın neft-kimya profilli elmi-tədqiqat İnstitutları və Təcrübə-Sənaye Zavodunun mühəndis-texniki personalı bu məqsəd üçün öz fəaliyyətlərini artırmış və qısa müddət ərzində onlarla yeni adda sürtkü materialının yerli xammal əsasında istehsal texnologiyasını işləyib hazırlamış, lazımi normativ-texniki sənədləri tərtib etmiş və istehsalına başlanmışdır. Təcrübə-Sənaye Zavoduna İnteqrəedilmiş İdarəetmə Sistemi Standartları üzrə (İSO 9001:2015, İSO 14001:2015, OHSAS 18001:2007)  beynəlxalq Sertifikatların təqdim olunması Zavodumuzda gələcəkdə daha böyük həcmdə təcrübə-sınaq işlərinin aparılmasına və yeni müxtəlif çeşidli məhsulların istehsal edilməsinə zəmin yaratmışdır.

Təcrübə-Sənaye Zavodunun Perspektiv İnkişaf Planında aşağıda göstərilən istiqamətlərə daha böyük diqqət ayrılmasını məqsədəuyğun hesab edilir:

  • Respublikada çıxarılan neftlər əsasında yüksək indeksli baza yağlarının alınması üzrə təcrübə-sınaq işlərinin aparılması və həmin yağların istehsalının təşkil edilməsi üçün bu gün mövcud olan üsullardan ən perspektivli hesab edilən katolik hidrokrekinq üsulunun hərtərəfli araşdırılmasının vacibliyi.

Qeyd etmək lazımdır ki, adı çəkilən proses zamanı baş verən bir sıra kimyəvi reaksiyalar nəticəsində yağın tərkibində olan kükürdlü, azotlu və digər birləşmələr çıxarılır, eyni zamanda politsiklik aromatik birləşmələr hidrogenləşir və yağın makromolekulyar quruluşu yaxşılaşmaqla onun mexaniki, termiki və kimyəvi təsirlərə qarşı davamlılığı artır.

  • Hal-hazırda tələbata müvafiq surətdə Respublikaya gətirilən sürtkü materiallarının o cümlədən mühərrik, transmissiya, hidravlika, sənaye və digər yağların zavodumuzda rəqabətə davamlı istehsalını təşkil etməklə, həmin məhsulların idxal olunmasının azaldılması istiqamətində aparılan elmi-texniki işlərin daha da sürətləndirilməsi.
  • Xüsusi təyinatlı aztonnajlı plastik sürtkü materiallarının Respublikada istehsalının olmadığı nəzərə alınmaqla həmin məhsulların istehsalı üçün lazım olan normativ-texniki sənədlərin hazırlanması və müasir tipli mini qurğuların alınaraq quraşdırılması işlərinin təşkili.
  • Buraxılan hazır məhsulların çeşidlərinin artırılması və buna uyğun olaraq yeni avtomatlaşdırılmış qablaşdırma sahələrinin yaradılması.
  • Neft-kimya profilli elmi-tədqiqat institutları və tədris müəssisələri ilə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməklə müasir tələblərə cavab verən texnoloji proseslərin işlənib hazırlanması, zavodun perspektiv inkişafı üçün əhəmiyyət kəsb edən innovativ fikirlərin reallaşdırılması.
  • İstehsal üçün xaricdən gətirilən bir sıra aşqarların (aşqar kompozisiyalarının) Aşqarlar Kimyası İnstitutu ilə birlikdə zavodumuzda istehsal edilməsinin təşkili işlərinə baxılması.
  • Müasir tələblərə uyğun olaraq mövcud texnologiyaların təkmilləşdirilməsi və avtomatlaşdırılması və zavoddakı texniki və ekoloji normalara cavab verməyən bəzi texnoloji qurğuların modernləşdirilməsi.
  • AMEA-nın digər elmi-tədqiqat institutları ilə əlaqələrin daha da genişləndirilməsi, gənc kadrların istehsalata cəlb olunması, onların peşə səviyyəsinin, nəzəri və elmi texniki biliklərinin artırılması istiqamətində lazımi işlərin aparılması

Göstərilən işlərin həyata keçirilməsi yaxın illər ərzində Respublikaya idxal olunan sürtkü materiallarının minimum həddə çatdırılmasına, daxili bazarın yüksək keyfiyyətli məhsullarla təmin edilməsinə gətirib çıxarmaqla yanaşı, gələcəkdə zavodumuzun xarici bazarlara çıxışını təmin etməklə ixrac potensialını dəfələrlə artıracaqdır.