Azərbaycan Milli Elmlər Akademiyası Təcrübə-Sənaye Zavodu qədəm qoyduğumuz 2017-ci ilə yeniliklərlə başlayır. Bu barədə ətraflı məlumat verən AMEA İşlər İdarəsinin müdiri s.e.f.d Fətəli Abdullayev bildirmişdir ki, 2016-ci ildə zavodun istehsal etdiyi bir çox məhsullar üzərində təkmilləşdirmə və rebrendinq işləri aparılmışdır. 2017-ci ildə bu işlərin görülməsi daha da sürətləndiriləcək və zavodun istehsal etdiyi bütün məhsulların müasir standartlara cavab verməsi üçün lazımi bütün işlər görüləcəkdir.

Onu da nəzərinə çatdıraq ki, AMEA Təcrübə-Sənaye Zavodu 2017-ci ildə ölkədə istifadə olunan bir çox benzin və dizel mühərrikli nəqliyyat vasitələri üçün mühərrrik, transmissiya və digər yağ məhsullarını istehsal etməyi hədəfləmişdir. Bunun üçün dünyanın aparıcı şirkəti ilə əməkdaşlığa başlamış və cari ilə bu prosesi sürətləndirərək qədəm qoymuşdur.