AMEA Kimya Elmlər Bölməsi və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə kimya sahəsində tədqiqatlar aparan gənclər üçün “Gənc kimyaçıların yay məktəbi – 2018” in açılışı olub.
AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasında təşkil olunan yay məktəbində iştirakçılar sərgi ilə tanış olaraq, elmi təşkilat barədə ətraflı məlumat alıblar.
AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev çıxış edərək “Gənc kimyaçıların yay məktəbi-2018”in akademiyanın tarixində gerçəkləşdirilən ilk təşəbbüs olduğunu bildirib. Qeyd edib ki, gənc alim və mütəxəssislərin bir-birini yaxından tanımaları, qeyri-rəsmi müstəvidə aktual mövzularda fikir mübadiləsi aparmaları baxımından bu cür məktəblər xüsusi əhəmiyyət kəsb edir. Akademik kimyaçıların yay məktəbində bölməyə daxil olan 4 institutdan 12 fəlsəfə doktoru, 16 doktorant və 6 magistrant olmaqla, ümumilikdə 34 gənc mütəxəssisin iştirak etdiyini diqqətə çatdırıb.
Daha sonra çıxış edən rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov yay məktəbinin iştirakçılarına uğurlar arzulayıb, astrofizika elmi ilə kimya elminin qarşılıqlı əlaqələri barədə fikirlərini söyləyib, bu mövzuda müzakirələrin aparılmasının əhəmiyyətini vurğulayıb.
Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov yay məktəbinin əhəmiyyətindən danışaraq qeyd edib ki, ilk dəfə keçirilən bu tədbirə maraq gözlənildiyindən çox olub. Kimya sahəsində tədqiqatları ilə fərqlənən gənc alim və mütəxəssislər yay məktəbində iştirak etmək üçün hüquq qazanıblar. F.Salmanov yay məktəbinin məqsədi və formatı haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Həmçinin tədbirdə zavod laboratoriyasının rəisi Səxavət Rüstəmov və zavodumuzun gənc alim və mütəxəssislər şöbəsinin sədri Süleyman Süleymanov məruzələrlə çıxış etmiş və sertifikatlarla təltif olunmuşlar.
Tədbirin rəsmi açılışından sonra 4 aktual mövzuda məruzələr dinlənilib, gənc kimyaçılar arasında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 5 gün müddətində gənc kimyaçılar müxtəlif elmi-intellektual və əyləncəli tədbirlərdə iştirak etməklə kimya elminin yeni prioritetlərinə dair biliklərini təkmilləşdirəcəklər. Həmçinin AMEA-nın Kimya Elmlər Bölməsinə daxil olan elmi müəssisələrdə aparılan tədqiqatların nəticələri yay məktəbində müzakirə ediləcək.