Məlumdur ki, fevralın 27-də AMEA Biologiya və Tibb Elmləri Bölməsinin və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə “Gənc bioloqların qış məktəbi–2019” fəaliyyətə başlayıb. Bu məktəb biologiya və tibb elmləri sahəsində tədqiqat aparan gənc alim və mütəxəssislər, həmçinin magistrant, doktorant və dissertantlar üçün nəzərdə tutulub.

Martın 1-də Gənc bioloqların qış məktəbinin iştirakçılarının AMEA Yüksək Texnologiyalar Parkına (YT Park) ekskursiyası təşkil olunub. Ekskursiyanın məqsədi YT Parkın fəaliyyət istiqamətləri, burada istehsal olunan məhsullar və iş prosesi ilə tanışlıq idi.

Öncə gənc tədqiqatçılara YT Park haqqında ətraflı məlumat verilib. Bildirilib ki, innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli elmtutumlu istehsalın inkişafı, Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlanması, eləcə də ölkə alimlərinin əldə etdiyi nəticələrin kommersiyalaşdırılması bu qurumun əsas məqsədləridir.

Sonra qonaqlar YT Parkın beynəlxalq standartlara cavab verən, akkreditasiyadan keçmiş Strateji Elmi Analitik Sınaq Mərkəzi ilə tanış olublar. Onlara mərkəzin imkanları, burada göstərilən xidmətlər barədə ətraflı məlumat verilib.

Qış məktəbinin iştirakçıları AMEA-nın Təcrübə-Sənaye Zavoduna da baş çəkiblər. Bildirilib ki, YT Parkın ilk rezidenti olan bu zavod Azərbaycanda yüksək keyfiyyətli sürtkü yağlarının istehsalı ilə məşğuldur.

 

 

  

 

 

Mənbə: science.gov.az