Fevralın 12-də “BP Azərbaycan” şirkətinin Ekoloji Qrupu və Aviasiya Xidmətindən olan nümayəndələri AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) olublar. Əsas məqsəd YT Parkın fəaliyyət istiqamətləri, burada istehsal olunan məhsullar və iş prosesi ilə tanışlıq, eyni zamanda əməkdaşlıq əlaqələrinin qurulması olub.

“BP Azərbaycan” şirkətindən olan nümayəndə heyətinə Səngəçal terminal və Azərbaycan boru kəmərləri üzrə ekologiyaya dair qrup rəhbəri Nicat Həsənov, Dəniz və sahilyanı ekoloji monitorinq üzrə müşavir Nərgiz Qaracayeva, Tələblərə riayət və icazələr üzrə qrup rəhbəri Səadət Qafarova və Aviasiya qrupunun məsləhətçisi Cəlal Rəhimov daxil idi.

Qonaqları YT Parkın direktoru, i.ü.f.d. Nazim Şükürov, infrastruktur üzrə direktor müavini, a.e.ü.f.d. Elxan Bayramov və strateji inkişaf üzrə direktor müavini Məmməd Bağırzadə müşaiyət ediblər.

Əvvəlcə Nazim Şükürov YT Park haqqında ətraflı məlumat verərək bildirib ki, innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli elmtutumlu istehsalın inkişafı, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılması və bu sahədə sahibkarlığın dəstəklənməsi qurumun əsas məqsədlərindəndir.

YT Parkın ərazisində rezident kimi fəaliyyət göstərən sahibkarlar üçün geniş imkanların yaradıldığını deyən alim qeyd edib ki, burada müxtəlif sahələr üzrə innovativ düşüncənin biznesə çevrilməsi prosesi həyata keçirilir. Parkın əsas fəaliyyət istiqamətlərindən biri də elektronika, avtomatika, proqram təminatı, müdafiə və mülki təyinatlı aparatlar, dronlar və digər elektron cihazların istehsalıdır.

Bundan əlavə, onlar “AMEA Təcrübə-Sənaye Zavodu” MMC, o cümlədən İngiltərənin 130 illik tarixə malik “Millers Oils” şirkəti ilə akademiya arasında yaradılmış “Millers Oils Azerbaijan”ın istehsal sahəsinə baş çəkərək, hazır məhsul anbarında toplanılmış mallara baxış keçiriblər, eləcə də “Elm və Texnologiya Parkı” MMC-nin istehsalat ərazisi ilə tanış olublar.

“AMEA Təcrübə-Sənaye Zavodu” MMC-nin direktoru Vasif Abbasov qonaqlara hazır məhsul anbarında toplanılmış mallar, burada istehsal olunan, yüksək keyfiyyətə malik sürtkü yağları barədə məlumat verib. Bildirib ki, satışa çıxarılan sürtkü yağları əsas etibarilə yerli məhsullardan, mineral yağlardan istifadə əsasında hazırlanır.

Görüş çərçivəsində, həmçinin YT Parkın mütəxəssisləri tərəfindən çoxsaylı suallar cavablandırılıb. İki qurum arasında ortaq istiqamətlərdə əməkdaşlığın təşkilinə və birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb, müvafiq qərarlar qəbul edilib.

 

 

  

 

 

 

 

Mənbə: science.gov.az