AMEA Yüksək Texnologiyalar Parkının rəhbərliyi ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətində keçirilimiş görüşün nəticəsi olaraq, cəmiyyətin sədri cənab Qorxmaz Hüseynovun tapşırığı ilə yaradılmış ekspertlər komissiyası üçün 01 fevral 2019 cu il tarixində AMEA Yüksək Texnologiyalar Parkına biznes tur təşkil olunmuşdur. Azərsu ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsindən Xalid Hüseynov, Nəqliyyat şöbəsindən Elxan Məmmədov, Mexanika şöbəsindən Valeh Məmmədov və Planlaşdırma və Keyfiyyətə Nəzarət şöbəsindən Fuad Cavadzadənin təmsil olunduğu ekspertlər komissiyası Yüksək Texnologiyalar Parkında istehsal olunan hazır məhsullar və istehsal prosesi ilə yaxından tanış olmuşlar.
AMEA Təcrübə Sənaye Zavodunun istehsal sahəsi ilə tanış olduqdan sonra hazır məhsul anbarında toplanılmış mallar barədə məlumat verilmişdir.
Sonra qonaqlar İngiltərənin 130 illik tarixə malik “Millers Oils” şirkəti ilə AMEA arasında yaradılmış “Millers Oils Azərbaycan” birgə müəssisəsinin yağ istehsalı sahəsi ilə tanış olmuşlar. Burada istehsal prosesinin mərhələləri, bir mərkəzdən müasir kompüter texnikası vasitəsilə idarə olunan sistem, malların qablaşdırılması xətti barədə məlumat verilmişdir.
AMEA Yüksək Texnologiyalar Parkının Strateji Elmi Analitik Sınaq Mərkəzində (AMEA SEASM) qonaqlara laboratoriya avadanlıqları, Mərkəzin imkanları və göstərilən xidmətlər barədə ətraflı məlumat verilmişdir. Mərkəzdə yaradılmış maddi-texniki baza, müasir tələblərə cavab verən iş şəraiti, beynəlxalq akkreditasiyadan keçməsi ekspertlərdə böyük marağa səbəb olmuşdur. Spesifik suallar cavablandırılmış, görüş diskussiya şəraitində aparılmışdır.
Qonaqlar ölkəmizdə belə istehsal sahəsinin mövcud olduğundan məlumatsız olduqlarını bildirmiş, gələcəkdə belə yüksək keyfiyyətli məhsulların satınalmasının təmin olunmasının önəmini qeyd etmişlər. Ekspertlər YT Parkda istehsal olunan idxal əvəzləyici sürtkü və digər sənaye yağlarının Azərsu ASC-nin geniş çeşidli texnikalardan ibarət olan parkında istifadə olunması ilə bağlı əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyini bildirdilər.