Hər bir bitki növü, xüsusən də meyvə ağacları, yaşadıqları dövr ərzində müxtəlif zədələrə (təbiət hadisələri, insan amili, meyvə ağırlığından və s.) məruz qalır. Qırılma, çatlama və kəsik hissələrində ağac gövdəsinin bütövlüyünü təmin edən qoruyucu qabıq hissələri müxtəlif dərəcədə zədələnir ki, bu da öz növbəsində bitkinin ümumi qidalanma zəncirinin pozulmasına gətirib çıxarır. Bu isə zədə yerində müxtəlif bakteriyaların, zərərvericilərin, xəstəliklərin inkişaf etməsinə zəmin yaradır. Əlbətdə hər bir canlı orqanizmdə zədə yüngüldürsə, bir müddətdən sonra öz-özünə bərpa oluna bilir. Lakin dərin və irimiqyaslı zədələr zamanı əlavə qoruyucu vasitələrdən istifadə olunmasına ehtiyac yaranır. Son illərdə müşahidə edilən qlobal istiləşmə nəticəsində artan təbii kataklizmlər (güclü küləklər, qasırğalar) bu problemi daha da aktuallaşdırmaqdadır.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə qeyri-neft sektorunun inkişafına aid görülən işlərin əsas istiqamətlərindən biri də meyvəçiliyin inkişafıdır. Hal-hazırda bütün regionlarda köhnə meyvə bağlarının rekonstruksiyası ilə yanaşı, yeni intensiv bağçılıq təsərrüfatlarının da yaradılması istiqamətində çox böyük işlər görülür. Bağlara qulluq zamanı payız və yaz aylarında geniş profilaktik budama işləri aparılır ki, bu da öz növbəsində ağacların kəsik yerlərinin xüsusi qoruyucu vasitələrlə işlənməsinə böyük ehtiyac yaradır. Bu məqsədlə xarici, xüsusən də MDB ölkələrindən müxtəlif tərkibə malik vasitələr gətirilsə də, onların çoxu müasir tələblərə cavab vermir: bir qismi qışda yaxşı təsir göstərsə də, yayda istiyə qarşı davam gətirmir və əriyib gedir; bir qismi ağacları qurudur; bəziləri isə ümumiyyətlə heç bir müsbət təsir göstərmir.

“Bağ məlhəmi”  aktual problemin həllinə, meyvə ağaclarında budamadan sonra yaranan yaralarda göbələk, bakteriya, virus mənşəli xəstəliklər, həmçinin zərərvericilərin məskunlaşmasının qarşısını alınması məqsədi ilə istehsal olunmuşdur. “Bağ məlhəmi” ağacların sağlam qalması və vaxtından əvvəl qurumasının qarşısını almaqla yanaşı daha bir üstünlüyü tam yerli xammal bazası əsasında hazırlanmasıdır.