“AMEA Təcrübə-Sənaye Zavodu” MMC-də 20 Yanvar hadisələrinin 29-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan zavodun direktor Vasif Abbasov, 29 il əvvəl baş vermiş hadisələrin xalqımızın qəhrəmanlıq tarixi olduğunu qeyd edib. Vurğulayıb ki, həmin gecə Azərbaycan xalqı öz müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxıb. Ağır hərbi texnikanın və təpədən-dırnağadək silahlanmış amansız hərbçilərin qarşısına əliyalın çıxaraq fədailik göstərib. Bu qanlı hadisələrdə xalqımız 132 şəhid verib, 700-ə yaxın insan yaralanıb. Zavodun  direktoru Vasif Abbasov xalqımızın müstəqillik və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəsi tarixində şanlı səhifələrdən biri olan 20 Yanvar hadisələrindən ətraflı bəhs edib.

Abbasov həmin ağır günlərdə ulu öndər Heydər Əliyevin respublikamızın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz xalqı ilə həmrəyliyini nümayiş etdirdiyini, məhz onun yenidən siyasi hakimiyyətə qayıdışından sonra 1990-cı ilin 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verildiyini vurğulayıb. Mərasimin sonunda 20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş etdirilib.