Tədbirin ikinci günündə YT Parkın fəaliyyət prosesi, eləcə də AMEA-nın Yer Elmləri Bölməsinə daxil olan elmi müəssisə və təşkilatlarda əldə edilmiş mühüm elmi nəticələr, o cümlədən innovativ ideyalara dair təqdimatlar nümayiş olunub.
Mərasimdə Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, Geologiya və Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov, AMEA-nın Təbiət Tarixi Muzeyinin direktoru, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatov, Neft və Qaz İnstitutunun və Respublika Seysmoloji Xidmət Mərkəzinin nümayəndələri, eləcə də respublikanın ali təhsil müəssisələrinin müəllim və tələbələri iştirak ediblər.
Tədbiri YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov açaraq ölkə başçısının “Elm günü”nün təsis edilməsi haqqında 9 aprel 2018-ci il tarixli Sərəncamını xatırladıb. O, bu Sərəncamdan irəli gələrək AMEA prezidenti, akademik Akif Əlizadənin tapşırığına əsasən “Elm həftəsi”nin keçirildiyini söyləyib.
N.Şükürov “Elm həftəsi” çərçivəsində AMEA-nın elmi bölmələri tərəfindən konfransların və sərgilərin təşkil edildiyini, eləcə də bölmələrə daxil olan institutların alim və tədqiqatçıları tərəfindən prioritet mövzulara həsr edilmiş təqdimatların, ixtira və innovasiyalı layihələrin nümayiş olunduğunu vurğulayıb. Alim, həmçinin YT Park tərəfindən “Ən yaxşı innovasiyalı ideya”, “Ən yaxşı innovasiyalı layihə” və “Ən yaxşı innovasiya məhsulu” üzrə keçirilən müsabiqənin qaliblərinin pul mükafatı ilə təltif olunacaqlarını bildirib.
Sonra Parkın Patent, sertifikatlaşdırma, marketinq və biznes inkubasiya şöbəsinin müdir müavini Vüsal Süleymanlı təmsil etdiyi qurumun fəaliyyət prosesi barədə təqdimatla çıxış edib. O, bildirib ki, YT Park ölkə başçısının 8 noyabr 2016-cı il tarixili Sərəncamı ilə iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi məqsədilə yaradılıb.
V.Süleymanlı qurumun Ekspertlər Şurası tərəfindən yeni ideyaların uğurlu tətbiqi üçün biznes planının, texniki-iqtisadi əsaslandırılmanın, satış bazarı, həmçinin marketinqin müəyyənləşdirilməsinə dəstəyin verildiyini, eləcə də Parkın ərazisində bizneslə məşğul olmaq istəyənlər üçün vergi, gömrük və digər güzəştlərin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
O, bu gün YT Parkın ərazisində 10 rezidentin fəaliyyət göstərdiyini, hərbi və mülki təyinatlı dronların, qoruyucu jiletlərin, akkumulyatorların, sürtkü yağlarının, yuyucu məhsulların istehsal olunduğunu bildirib. Bundan əlavə, AMEA-nın elmi müəssisə və təşkilatları tərəfindən rəsmiləşdirilmiş ixtiraların patent bankının yaradıldığını, onların kommersiyalaşdırılması istiqamətində işlərin həyata keçirildiyini deyib.
Daha sonra Geologiya və Geofizika, Neft və Qaz, Coğrafiya institutlarının, Respublika Seysmoloji Xidmət Mərkəzinin, AMEA-nın Təbiət Tarixi Muzeyinin, Bakı Ali Neft Məktəbinin və Milli Aviasiya Akademiyasının nümayəndələrinin təqdimatları nümayiş etdirilib.
Təqdimatlardan sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Daha sonra qonaqlar üçün YT Parkın ərazisində biznes tur təşkil olunub. Qonaqlar Strateji Elmi Analitik Sınaq Mərkəzi ilə tanış olub, həmçinin qurumun rezidentləri – Təcrübə-Sənaye Zavodu və “Millers oils Azerbaijan” MMC-nin istehsal prosesinə baxış keçirib, sürtkü yağlarının istehsalı və qablaşdırılması prosesi barədə məlumat alıblar.