Fevralın 7-də akademiyanın elmi müəssisə və təşkilatlarının gənc alim və mütəxəssisləri AMEA-nın Yüksək Texnologiyalar Parkını (YT Park) ziyarət edib, istehsal prosesi ilə tanış olublar.
Qonaqları YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov, müəssisənin infrastruktur üzrə direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Elxan Bayramov və strateji inkişaf üzrə direktor müavini Məmməd Bağırzadə müşayiət ediblər.
Əvvəlcə gənc alimlər YT Parkın yeni yaradılan Strateji Elmi Analitik Sınaq Mərkəzinə (SEASM) baş çəkib, müasir standartlara cavab verən laboratoriyalara baxış keçiriblər. Mərkəzin müdir müavini Kamal Yusifov bildirib ki, burada qaz və maye neft qazlarının, neft və neft-kimya məhsullarının və istehlak mallarında toksik elementlərin dəqiq sınağı həyata keçiriləcək. AMEA-nın elmi müəssisə və təşkilatlarının sözügedən sınaqları bu günə qədər xaricdə həyata keçirdiklərini deyən K.Yusifov laboratoriyanın regionda ilk dəfə ölkəmizdə qurulması ilə respublikadan valyuta axınının qarşısının alınacağını diqqətə çatdırıb.
Sonra YT Parkın rezidentləri “AMEA Təcrübə-Sənaye Zavodu” MMC və “Millers Oils Azerbaijan” MMC-nin fəaliyyət prosesi ilə tanış olan gənclərə burada beynəlxalq standartlara uyğun yüksək keyfiyyətdə istehsal edilən sənaye, mühərrik, sürtkü və hidravlik yağları, həmçinin müalicəvi əhəmiyyətə malik “Naftalan yağı” barədə məlumat verilib. Zavodun direktoru Vasif Abbasov, baş mühəndisi Adil Ağayev və “Millers Oils” şirkətinin nümayəndəsi Kiril Solovyov bildirib ki, burada elmtutumlu, innovativ, rəqabətədavamlı və ixracyönümlü 100-dən çox adda yerli məhsul istehsal olunur.