Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun rəhbərliyi AMEA Təcrübə-Sənaye Zavodunda olublar. Alimlər zavod mühəndislərinin iştirakı ilə respublikanın sürtkü materiallarına olan təlabatının ödənilməsi mövzusunda müzakirə aparıblar.

Tədbirdə çıxış edən Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev dünyada sürtkü yağlarının ilk dəfə Azərbaycanda istehsal olunduğunu bildirib. Akademik vurğulayıb ki, Azərbaycan SSRİ dövründə də sürtkü yağlarının əsas istehsalçısı olub və bu prosesdə Aşqarlar Kimyası İnstitutu önəmli rol oynayıb: “SSRİ dövründə İnstitutumuz sürtkü yağlarına, yanacaqlara, yağlayıcı-soyuducu mayelərə aşqarların yaradılması, xüsusi mayelərin işlənilməsi və istehsalının təşkili üzrə aparıcı elmi-tədqiqat mərkəzlərindən biri idi. SSRİ miqyasında istehsal olunan aşqarların və sürtkü yağlarının 20%-ni Aşqarlar Kimyası İnstitutunun alimləri tərəfindən yaradılmış aşqarlar və sürtkü yağları təşkil edirdi”.

Akademik Vaqif Fərzəliyev bildirib ki, son illərdə respublikamızın müxtəlif növ sürtkü yağlarına olan təlabatını ödəmək məqsədilə Aşqarlar Kimyası İnstitutu tərəfindən yaradılmış aşqarlar əsasında müxtəlif təyinatlı dizel mühərrikləri üçün bir sıra motor yağları, müxtəlif növ nəqliyyat vasitələri üçün isə transmissiya yağları yaradılıb, istehsalı sənaye və təcrübi-sənaye miqyasında təşkil edilib. Akademik Təcrübə-Sənaye Zavodu ilə əməkdaşlığın bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıb.

Sonra Təcrübə-Sənaye Zavodunun direktoru Vasif Abbasov çıxış edərək AMEA rəhbərliyinin təşəbbüsü ilə zavodda müasir standartlara uyğun sürtkü materiallarının istehsalına imkan verən istehsal qurğuları və müasir laboratoriyaların yaradıldığını bildirib. Vasif Abbasov Aşqarlar Kimyası İnstitutu ilə Təcrübə-Sənaye Zavodu arasında əməkdaşlığın respublikanın sürtkü materiallarına olan təlabatının ödənilməsinə təkan verəcəyini deyib.