AMEA Təcrübə – Sənaye Zavodunda müasir dizel mühərrikli nəqliyyat vasitələri üçün yağ istehsal olunmağa başlanılmışdır. SAE 15W40 API CI-4 adlı müasir dizel mühərrik yağları lazım olan bütün sertifikatları almış və istifadə olunmasına icazə verilmişdir.

AMEA TSZ-nin Baş Texnoloqu Adil Ağayevin verdiyi məlumata görə bu günə kimi zavodda sadəcə köhnə dizel mühərrikli nəqliyyat vasitələri üçün SAE 15W40 API CD yağı istehsal olunurdusa bu gün müasir nəqliyyat vasitələri üçün dizel mühərrik yağı istehsal olunmaqdadır.

SAE 15W40 API CI-4 bütün mövsümlər üçün yüksək keyfiyyətli mineral mühərrik yağı yanma zamanı dəm qazı əmələ gəlməsini azaldır və işlənmiş qazların zəhərliliyini azaldan sistemlərə (SCR, EGR) uyğundur. Avro-4 ekoloji normalarına uyğun olaraq hazırlanıb, yüksək və orta yüklənmiş dizel texnikalarının müasir istehsalçılarının tələblərinə cavab verir.  Yüksək yağlayıcı və antifriksion xüsusiyyətləırinə sahibdir və müxtəlif istismar şəraitlərində mühərrikin etibarlı qorunmasını təmin edir.

Bu yağ minik və yük avtomobilləri, avtobuslar, xüsusi, yolsuzluq şəraitində işləyən və digər texnikaların müasir və gücləndirilmiş, çox yüklənmiş turbo üfürməli və ya turbo üfürməsiz dizel mühərrikləri üçün nəzərdə tutulub. Ağır istismar şəraitində işləyən mədən maşınları və digər texnikaların mühərriklərində istifadəyə uyğundur.

Hal-hazırda SAE 15W40 API CI-4 1, 4, 5, 7, 10, 20 litrlik qablaşdırılmalarda istehsal olunur.