AMEA Təcrübə-Sənaye Zavodunun Elmi-Tədqiqat və Sınaq Laboratoriyası 2016-cı ildə əsaslı təmir olunmuş, işçi otaqlarda qabaqcıl dünya və Avropa şirkətlərinin istehsal etdiyi həm beynəlxalq ASTM, İP, DİN, İSO, həm də ГОСТ-un tələblərinə cavab verən 15-dən artıq müasir cihaz və avadanlıqlar alınaraq quraşdırılmışdır. Laboratoriyanın fəaliyyəti əsasən sürtkü materiallarının tədqiqi və fiziki-kimyəvi göstəricilərinin təyin edilməsinə xidmət edir. Onlar sırasında plastik sürtkülərin keyfiyyət və istismar xüsusiyyətlərini təyin edən cihazlar xüsusi əhəmiyyət kəsb edir, çünki respublikamızda yeganə nüsxədədir. Bunlara misal olaraq tərpənməyə qarşı möhkəmlik həddini müxtəlif temperaturlarda təyin edən “Lintel” cihazını, işləmə stabilliyini təyin edən, sürtkülərin müxtəlif rejimlərdə su ilə yuyulma xüsusiyyətini təyin edən test aparatlarını və s. göstərmək olar.

Sürtkü yağlarının donma temperaturunu avtomatik təyin edən İsveçrə istehsalı olan “Pour Point New lab 300/2” markalı cihaz isə ekstremal aşağı temperaturda (mənfi 80oC-yə qədər) işləyən mayeləri tədqiq etməyə imkan verir ki, gələcəkdə aviasiya təyinatlı yağların istehsalına şərait yaradacaqdır.

Hal-hazırda laboratoriyada 25-dən çox analiz növü və test sınaqları metodu mövcuddur. Bu sınaqlarla həm zavodda aparılan istehsal proseslərinə analitik nəzarət etmək, həm də məhsulların keyfiyyətini yoxlamaq mümkündür. Aparılan sınaqların nəticələrinə görə hər bir istehsal edilən məhsul partiyası üçün keyfiyyət pasportu tərtib edilir.

Laboratoriyanın texniki imkanları AMEA-nın digər institut və təşkilatlarında aparılan elmi işlərin birgə tədqiq edilməsinə və istehsalatda həyata keçirilməsinə geniş şərait yaradır.

Adından da göründüyü kimi laboratoriyada analiz və sınaqlarla yanaşı həm də geniş emli-tədqiqat işləri aparılır. Belə ki, hər hansı bir məhsul istehsal olunmamışdan öncə laboratoriyada sınaq nümunələri hazırlanır və bütün fiziki-kimyəvi göstəriciləri təyin edilir. Daha sonra laboratoriya pilot qurğusunda istehsalı nəzərdə tutulan məhsulların istehsal prosesinin texno­loji parametrləri (temperatur, zaman, xammal və reagentlərin verilmə sürəti və s.) və resepturaları dəqiqləşdirilir. Bu sadalanan proseslərin hər biri aparıldıqdan sonra məhsulun istehsalı həyata keçirilir.

Laboratoriya həm yerli həm də xarici ölkələrin tədqiqat mərkəzləri ilə əməkdaşlıq edir. Hal-hazırda Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Akkreditasiya Xidməti Uyğunluğu qiymətləndirən qurumu ilə birlikdə laboratoriyanın akkreditasiya olunması istiqamətində işlər  aparılır.